"Sabah" evdə ilk dəfə "Neftçi"yə qalib gəlib

Futbol
  • 20 avqust, 2022
  • 18:25
Sabah evdə ilk dəfə Neftçiyə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün yeganə matçında "Neftçi" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

37-ci dəqiqədə Murad Musayevin baş məşqçi olduğu komanda 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Kristian Sebalyosun vurduğu topu "ağ-qaralar"ın qapıçısı İvan Brkiç çıxarıb. Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Yusuf Laval açıb. 78-ci dəqiqədə "Sabah"dan Aleksey İsayev penaltidən tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə isə Emanuel Apeh penaltini dəqiq yerinə yetirməklə, komandasına qələbə qazandırıb. Bu, "Sabah"ın evdə "Neftçi" üzərində ilk qələbəsi olub.

Bu qələbədən sonra xallarını 9-a çatdıran "Sabah" liderliyini möhkəmlədib. "Neftçi" isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib. Avqustun 21-də "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.

"Sabah" evdə ilk dəfə "Neftçi"yə qalib gəlib