"Sabah" Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub

Futbol
  • 23 dekabr, 2025
  • 10:36
Sabah Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub

"Sabah" futbol üzrə Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

XVI turda "Sumqayıt"ı səfərdə 3:1 hesabı ilə məğlub edən bakılılar "qış çempionu" adına sahib çıxıb.

Xallarının sayını 37-yə çatdıran "bayquşlar" son 4 mövsümün qış çempionu "Qarabağ"ı bir xal qabaqlayıb. Bu, "Sabah"ın tarixində ilk belə nəticədir.

Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komandadır. Sonuncu yeni qış çempionu 17 il əvvəl - 2008/2009 mövsümündə qeydə alınıb. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə "İnter" (indiki "Şamaxı") tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqlənib.

Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb. "Qarabağ" hamıdan çox – 11 dəfə (2004/2005, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) fərqlənib.

"Neftçi" doqquz (1994/1995, 1996/1997, 2000/2001, 2001/2002, 2003/2004, 2010/2011, 2011/2012, 2018/2019, 2020/2021), "Kəpəz" (1993/1994, 1997/1998, 1998/1999) və "Şamaxı" (2008/2009, 2009/2010, 2012/2013) hərəyə üç, "Xəzri" (1995/1996), "Şəmkir" (1999/2000), "Karvan" (2005/2006), "Xəzər Lənkəran" (2006/2007) və "Şüvəlan"ın (2007/2008) bir belə uğuru var.

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti