Rəşad Sadıqov: "Kəpəz" üzərində vacib qələbə qazandıq"
- 28 noyabr, 2025
- 16:53
"Zirə" "Kəpəz" üzərində vacib qələbə qazanıb.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XIII turunda "Kəpəz"ə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
"Güdüz saatlarında süni meydanda oynamaq çətin idi. Birinci hissədə sürət və kombinasiyalı oyun yox idi, daha çox mübarizə gedirdi. Rəqib yaxşı pressinq edir, müdafiədə sıx oynayırdı və bizə rahat çıxış etməyə imkan vermirdi. Azər Bağırovun komandası ilə oynamaq heç vaxt asan olmur. Bunu bir daha hiss etdik. İkinci hissədə tempi artırdıq. Dəyişikliklər oyunu canlandırdı. İki qol vuraraq vacib qələbə qazandıq", - deyə 43 yaşlı mütəxəssis vurğulayıb.
R.Sadıqov AFFA Hakimlər Komitəsinə yeni sədr seçilən Rəhim Həsənovla bağlı fikirlərini bölüşüb:
"Uzun illər bu postu əcnəbi mütəxəssislər tuturdu. Mən həmişə yerli mütəxəssislərin tərəfdarı olmuşam. Bu, əcnəbilərə qarşı çıxmaq demək deyil, sadəcə, yerli mütəxəssislərə güvənilməlidir. Son illər, o cümlədən milli komandada yerli məşqçilərə etimad artıb. Hakimlikdə də inkişaf hiss olunur. Səhvlər var, hətta bizim oyunlarda da yanlışqlıqlara rast gəlmək olur. Amma irəliləyiş danılmazdır. Rəhim Həsənov təcrübə toplayıb və bu məsuliyyəti daşıya biləcək. Düşünürəm ki, hakimlik daha da yaxşılaşacaq".
Qeyd edək ki, "Kəpəz" - "Zirə" oyunu Bakı klubunun 2:0 hesablı qələbəsi ilə bitib. Rəşad Sadıqovun komandası 26 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.