Qurban Qurbanov "Qarabağ"ın futbolçularının daha güclü liqalara getmələrini istəyir
- 09 dekabr, 2025
- 18:18
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçularının daha güclü liqalara getmələrini istəyir.
"Report"un məlumatına görə, təcrübəli mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, qış "transfer pəncərəsi"ndə yaxşı təklif olacağı təqdirdə bəzi oyunçularla yolların ayrıla biləcəyini istisna etməyib:
"İlin sonunda həmişə komandada problemlər olur. Bir neçə oyunçumuz zədəli, yorğundur. İstənilən böyük komandaların da problemləri var. Biz daim heyətdə daha yaxşı və keyfiyyətli oyunçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klubdan oyunçularımıza təklif olarsa, bu bazara girmək üçün də dəyərləndirə bilərik. Bunadək bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatı belədir. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada olacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda, buna "yox" deməyəcəyik. İmkan olduğu qədər "transfer pəncərəsi"ndə bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.