PSJ-nin hücumçusu Qonsalu Ramuş "Milan"a keçə bilər
- 26 iyun, 2026
- 17:49
PSJ-nin və Portuqaliya yığmasının hücumçusu Qonsalu Ramuş karyerasını İtaliyanın "Milan" klubunda davam etdirə bilər.
"Report" "A Bola"ya istinadən xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı futbolçu üçün bonuslar da daxil olmaqla 45 milyon avro təklif edib.
Paris təmsilçisi isə 50 milyon avro tələb edir. "Milan"ın oyunçuya illik təxminən 4 milyon avro maaşla 4-5 mövsümlük müqavilə təklif etməyə hazır olduğu bildirilib.
Futbolçu Portuqaliya yığmasının heyətində DÇ-2026-da çıxış edir. O, qrup mərhələsinin I turunun Konqo DR ilə görüşünün (1:1) sonlarında əvəzetmədən meydana daxil olub.
Qeyd edək ki, Q.Ramuş 2024-cü ilin yanvarında "Benfika"dan 65 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris klubunun heyətində 131 oyunda 45 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı portuqaliyalı oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir.