Milli Paralimpiya Komitəsi qarşılıqlı əməkdaşlıqla bağlı memorandumların imzalanmasını planlaşdırıb

Futbol
  • 02 dekabr, 2025
  • 13:29
Milli Paralimpiya Komitəsi qarşılıqlı əməkdaşlıqla bağlı memorandumların imzalanmasını planlaşdırıb

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) başqa ölkələrlə qarşılıqlı əməkdaşlığı əks etdirən memorandumların imzalanmasını nəzərdə tutub.

Bu barədə MPK-nın baş katibi Toğrul Rəhimov açıqlama verib.

Qurum rəsmisi Özbəkistan Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüş barədə fikirlərini bölüşüb:

"Özbəkistanın paytaxtı Daşkənddə həm "Biz birgəyik" adlı beynəlxalq könüllülər festivalında təmsil olunduq, həm də Özbəkistan Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüş keçirdik. Burada hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə etdik. Belə görüşlərin keçirilməsi komitələrin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Fərqli paraidman növlərində komandalarımızın birgə təlim-məşq toplanışı, komitələrin maddi-texniki bazası, eləcə də strukturlaşdırma kimi bir çox mövzuya toxunduq".

Baş katibin sözlərinə görə, Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrinin gücləndirilməsi üçün başqa ölkələrlə də əməkdaşlığı davam etdirəcək:

"Gələcəkdə qarşılıqlı əməkdaşlığı əks etdirən memorandumların imzalanması da nəzərdə tutulub. Eyni zamanda, Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsinin cari ilin sentyabrında keçirilən assambleyalarında, eləcə də IBSA-nın oktyabrda baş tutan Ümumi Yığıncağında iştirak etdik. Məqsədimiz Azərbaycanda paralimpiya hərəkatının hərtərəfli inkişafıdır. Daşkənddə yeni inşa olunan Olimpiya və Paralimpiya şəhərciyini də ziyarət etdik. Həmçinin adaptiv hokkey üzrə keçirilən yarışı canlı izlədik".

O, paralimpiya çempionu İmaməddin Xəlilovun festivalda 10-a yaxın ölkənin 60-dan çox nümayəndəsinin və könüllülərin qarşısında çıxışının da böyük maraqla qarşılandığını söyləyib:

"Paralimpiyaçımıza auditoriya tərəfindən bir çox suallar ünvanlandı. Festival iştirakçılarından idmançımıza yaxınlaşıb övladları ilə şəkil çəkdirənlər oldu. Məqsədimiz paralimpiyaçılarımızın yerli və beynəlxalq müstəvidə təbliğatı, onların əlil şəxslərə örnək olması və cəmiyyətə inteqrasiyasına dəstəkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti