"Karvan-Yevlax"ın futbolçusu: "Hər şey televizordan görünən kimi deyil" - MÜSAHİBƏ

Futbol
  • 02 dekabr, 2025
  • 16:03
Karvan-Yevlaxın futbolçusu: Hər şey televizordan görünən kimi deyil - MÜSAHİBƏ

"Karvan-Yevlax"ın futbolçusu Elvin Yunuszadə "Report"a müsahibə verib. O, komandasının son oyunlarından və Premyer Liqada qalmaq şanslarından danışıb. 32 yaşlı müdafiəçi Yevlax təmsilçisinin sabiq baş məşqçisi Azər Həşimovun gedişinə və hazırkı çalışdırıcı Füzuli Məmmədovun gəlişinə də münasibət bildirib.

- Son iki turda əvvəlcə doğma meydanda "Kəpəz"ə, daha sonra səfərdə "Qarabağ"a məğlub oldunuz. Bu iki oyun barədə nə deyə bilərsiniz?

- "Kəpəz" komandası ilə gücümüz eynidir. Deməzdim ki, iki komandadan hansısa favorit idi. Məncə, hər matçın "qırılma nöqtəsi" olur. Gəncə komandası ilə görüşdə penalti epizoduna qədər yaxşı imkanlarımız oldu. Təəssüf ki, qələbə qazana bilmədik. Belə götürsək, ilk qarşılaşmada biz qələbə qazanmışdıq. Qarşıda bizi çox oyun gözləyir. Çalışacağıq ki, buraxdığımız səhvləri təkrarlamayaq. "Qarabağ"la matçda da pis çıxış etməmişdik. Təxminən 80 dəqiqə qapımızı toxunulmaz saxladıq. Lakin "Qarabağ"ın futbolçularının ustalıq səviyyəsi sözünü deyir. Meydana sonradan daxil olan futbolçuları qarşılaşmanın taleyini həll etdilər. Lakin matçı izləyən hər kəs gördü ki, çox yaxşı çıxış edirdik. Bu cür görüşlər bizi sevindirir. Çünki gələcəyə nikbin baxırıq. Yaxın gələcəkdə azarkeşlərimiz, eləcə də hər kəs fərqli "Karvan-Yevlax" görəcəklər.

- "Qarabağ" oyuna ikinci heyətlə çıxmışdı və belə olduqda başabaş mübarizə apara bilirdiniz...

- "Qarabağ"ın ikinci heyəti belə güclüdür. Yəni həmin vaxt startda meydana çıxan futbolçuların heç birini zəif hesab etmirəm. Lakin dediyiniz kimi, layiqli mübarizə aparırdıq. Sonradan meydana çıxan futbolçuların səviyyəsi isə tamam başqadır və nəticədə məğlub olduq.

- Komandadanın Premyer Liqada qalacağına inanırsınız?

- Əlbəttə, inam var. Buna hər kəsdən əvvəl özümüz inanmalıyıq. Baxmayaraq ki, turnir cədvəlində sonuncu sırada qərarlaşmışıq. Lakin bu, son demək deyil. Komandada ab-hava yüksəkdir. Ümumiyyətlə, çox yaxşı kollektivimiz var. Baxmayaraq ki, mövsümün əvvəlində müəyyən çətinliklərimiz var idi. Lakin indi həmin çətinliklər də aradan qalxıb. Hər şey yaxşıya doğru dəyişir.

- Rəhbərlik komanda üzvləri ilə tez-tez görüşür?

- Əlbəttə, tez-tez bir yerdə oluruq. Vitse-prezident Kənan Kərimov daim futbolçularla maraqlanır. "Qarabağ"la səfər matçında da yanımızda oldu. O da çalışır ki, komanda üçün ən yaxşısını etsin.

- Sabiq baş məşqçiniz Azər Həşimovun gedişi barədə nə deyə bilərsiniz?

- Uzun illərdir futbolun içindəyik, belə şeylər olur. "Kəpəz"lə ev oyunumuzdakı məğlubiyyətin bu gedişə təsirinin olduğunu düşünürəm. Çünki gözləntilər böyük idi. Hər kəs "Karvan-Yevlax"dan qələbə gözləyirdi. İlk ev oyunumuzdakı məğlubiyyət yaxşı olmadı. Azər Həşimovun xətirini çox istəyirik. Həm məşqçi, həm də insan kimi hörmətimiz var. Lakin reallıq budur ki, nəticə olmadıqda baş məşqçi ayrılığı yaşanır. Bu, normal haldır. Bir baş məşqçi rəhbərliyin tələblərinə cavab vermirsə, ayrılıq yaşanır. Bu ayrılığın arxasında başqa məna axtarmağa ehtiyac yoxdur.

- Düşünürsünüz ki, Azər Həşimovun gedişində "Kəpəz"lə oyunda israrla əvəzlənmək istəməyən və nəticədə meydanı tərk etməyən Vüsal Məsimovun davranışının payı yoxdur?

- Bəli, düşünürəm ki, bunun o məsələyə aidiyyatı yoxdur. Hamı bu məsələ ilə maraqlanır. Küçəyə çıxıram, məni tanıyan hər kəs soruşur ki, o futbolçu niyə əvəzlənmək istəmədi? Hər şey televizordan görünən kimi deyil. Azər Həşimovla Vüsal Məsimovun münasibətləri yaxşıdır. Qarşılaşma zamanı Vüsalın zədəsi var idi və baş məşqçi onu əvəzləmək istədi. Bir qədər sonra futbolçu hiss etdi ki, problem ciddi deyil və matçı davam etdirə bilər. Elə oldu ki, meydanı tərk etmək istəmədi. Hər şey bundan ibarətdir.

- Azər Həşimov komandadan ayrılarkən futbolçularla sağollaşdı?

- Əlbəttə, çox mehriban formada sağollaşdıq. Hər şey qaydasında idi. Hamımızla sağollaşdı və halallıq aldı.

- Azər Həşimov ayrılsa da, bu gediş rəsmən açıqlanmayıb. Yeni baş məşqçi Füzuli Məmmədovun gəlişi ilə bağlı da ictimaiyyətə məlumat verilməyib. Səbəb isə sabiq baş məşqçinin komandadan kompensasiya tələb etməsidir. Bu cür neqativ hadisələr futbolçulara nə dərəcədə mənfi təsir göstərir?

- Məsələnin detallarını tam bilmirəm. Lakin biz futbolçular istəyərik ki, hər şey şəffaflıq üzərində qurulsun və halallıq olsun. İnanıram ki, yaxın günlərdə bütün məsələlər həllini tapacaq. İstəmərəm ki, bu işdən nə Azər Həşimov, nə də klub rəhbərliyi zərərli çıxsın. İnşallah, tez bir zamanda ortaq nöqtə tapılacaq. Mən bu məsələ ilə bağlı rəhbərlikdən heç kimlə danışmamışam.

- Yeni baş məşqçi Füzuli Məmmədovun gəlişi komandada nəyi dəyişib?

- Füzuli Məmmədov komandaya yeni nəfəs və qan gətirib. Onun gəlişi komandaya xüsusi motivasiya verdi. Vallah, tərifləmək üçün demirəm, amma baxıram ki, işinin peşəkarıdır. İlk dəfədir onunla birgə çalışıram və görürəm ki, sırf öz işi ilə dərindən məşğul olan mütəxəssisdir. Son turda "Qarabağ"a qarşı matçda taktiki baxımdan da necə oynadığımızı hamı gördü.

Son xəbərlər

Bütün Xəbər Lenti