Kamal Quliyev: "Müalicə müsbət nəticə verməsə, əməliyyat olunacağam"
- 07 yanvar, 2026
- 12:11
Ağır xəstəliklə üz-üzə qalan sabiq futbolçu Kamal Quliyevin müalicəsi müsbət nəticə verməsə, əməliyyat olunacaq.
Mütəxəssis bu barədə "Report"a açıqlamasında deyib.
Azərbaycan yığmasının keçmiş üzvü müalicəsinin təxminən 3-6 ay davam edəcəyini söyləyib:
"İlkin müalicə kursu Yeni İl bayramından əvvəl yekunlaşdı. Artıq müalicənin ikinci kursuna başlamışıq. Necə effekt verəcəyini zaman göstərəcək. Çox ağır diaqnoz qoyulub. Həkimlər müalicənin 3-6 ay davam edəcəyini deyir. Müsbət nəticə olmasa, əməliyyat olunmaq məcburiyyətində qalacağam".
O, bir çox insanların və iki klubun ona yardım etdiyini vurğulayıb:
"İlk olaraq illərlə şərəfini qoruduğum "Neftçi" kömək göstərdi. Hətta Türkiyədə müalicə almağı təklif etdilər. Ancaq artıq Azərbaycanda müalicəyə başladığım üçün gedə bilmədim. Buna baxmayaraq, xərclərin təxminən 60-70 faizini qarşıladılar. Bütün "Neftçi" ailəsinə minnətdaram. "Sumqayıt" klubu da yardım etdi. Həmçinin illərlə millidə və klublarda çiyin-çiyinə oynadığım sabiq futbolçular maddi dəstək verdilər".
K.Quliyev AFFA rəsmiləri ilə görüşəcəyini də bildirib:
"AFFA-dan yardım üçün mənə görüş təklif etmişdilər. Amma xəstəxanada müalicə aldığıma görə gedə bilmədim. Yaxın günlərdə görüşmək istəyirəm".
Qeyd edək ki, Kamal Quliyev ötən ildən etibarən ağır xəstəlikdən müalicə almağa başlayıb. Ona qaraciyər serrozu diqanozu qoyulub.