İngiltərə çempionatı: "Liverpul" "Arsenal"ı məğlub edib
- 31 avqust, 2025
- 22:48

"Liverpul" İngiltərə çempionatının III turunda öz meydanında "Arsenal"a 1:0 hesabı ilə qalib gəlib.
"Report"un məlumatına görə, "Enfild"də baş tutan görüşdə yeganə qolu 83-cü dəqiqədə macarıstanlı yarımmüdafiəçi Dominik Soboslay cərimə zərbəsindən vurub.
"Arsenal" 13 ildir İngiltərə çempionatında "Liverpul"a "Enfild"də qalib gələ bilmir. London klubu sonuncu dəfə 2012-ci il sentyabrın 2-də səfərdə rəqibini məğlub edib (2:1).
Eyni zamanda, 2020-ci ildə "Arsenal" Liqa Kubokunun 1/8 finalında "Liverpul"u "Enfild"də üstələməyi bacarıb. Görüşün əsas vaxtı qolsuz bərabərliklə, penaltilər seriyası 5:4 hesabı ilə London komandasının xeyrinə başa çatıb.
"Liverpul" hazırda 9 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Liqada başqa heç bir komanda mövsümün üç start oyununu qazana bilməyib.
Altı xal toplayan "Arsenal" üçüncü yeri tutur. "Liverpul" sentyabrın 14-də növbəti turda "Bernli" ilə oynayacaq, "Arsenal" isə bundan bir gün əvvəl "Nottingem Forest"i qəbul edəcək.