Azərbaycan şahmatçısı: "Dünya çempionatında gümüş medal qazanacağımıza inanırdım"
- 24 noyabr, 2025
- 10:45
Azərbaycan şahmatçısı Gülnar Məmmədova komandasının dünya çempionatında gümüş medal qazanacağına inanırmış.
34 yaşlı yaşlı qrossmeyster bu barədə "Report"a açıqlama verib.
O, İspaniyanın Linares şəhərində keçirilən turnirlə bağlı fikirlərini bölüşüb:
"Əvvəldən bu yarışa yollanacağımızı düşünürdük. Dünya çempionatına seçmə xarakter daşıyan oyunda Özbəkistana uduzanda da yarışa getməyəcəyimizə inanmırdıq. Amma sonradan turnirə qatılmaq şansımız yarandı. Çox sevindik. Amma onu da deyim ki, bu yarışa xüsusi hazırlıq olmamışdı".
Şahmatçı komanda olaraq tarixi nəticəyə imza atdıqlarını söyləyib:
"Hansısa idmançı turnirə qatılırsa, onun bir hədəfi olmalıdır. Hədəf yoxdursa, iştirakın mənası olmaz. Uşaqlıqdan valideynlərim mənə həmişə turnirlərdə ilk "3-lüy"ə düşməyi aşılayıblar. Şahmatda, idmanda nəticə istəyirsənsə, mübarizə aparmalısan. Hər yerdə də ilk üç pilləni tutanlar ön planda olurlar. Təbii ki, komandamızın məqsədi ilk üç yerdən birini tutmaq idi. Qrup mərhələsində ilk "4-lüy"ə düşəndən sonra inam yarandı. Düşünürdük ki, bu şansı çox yaxşı dəyərləndirməliyik. Rəqiblərimiz dünya, Avropa və olimpiadanın qalibləri, mükafatçıları idi. Əvvəlcədən inam olsa da, 100 faiz əmin deyildik. Çünki Azərbaycan şahmat tarixində nə qadınlar, nə də kişilərdən ibarət komanda dünya çempionatında medal qazanmayıb. Bu, ilkdir, bu səbəbdən sevindirici haldır. Mən qızlara deyirdim ki, hədəf gümüş medaldır. Buna inanırdım. Əvvəldən elə hiss etmişdim. Bürünc medal uğrunda oynamaq bir az çətindir. Məğlub olsan, mükafatsız qalacaqsan. Düşünürdüm ki, finaladək irəliləmək lazımdır".
O, kollektivdə həmişə birliyin olduğunu vurğulayıb:
"Bir-birimizə dəstək və inam sözünü dedi. Komanda yoldaşlarımızın əzmkarlığı, pis vəziyyətlərdə belə sonadək oynamaları, bir-birimizi hiss etməyimiz, qələbələrə birlikdə sevinməyimiz komanda oyununda da önəmli rol oynadı. Daha əvvəl komandaların Avropa çempionatında bürünc medal qazanmışdıq. Onda düşünürdüm ki, bu, gələcək yarışlar üçün motivasiya olacaq. Dünya çempionatında gümüş medal qazanmaq böyük uğurdur. Azərbaycan Şahmat Federasiyası, komandamız və ölkəmiz adına çox şadam".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının finalında FIDE komandasına uduzub.