Azərbaycan millisinin baş məşqçisi: "III MDB Oyunlarının final matçına hazırıq"
- 03 oktyabr, 2025
- 16:35

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında Rusiyaya qarşı keçirəcəyi final matçına hazırdır.
Bu barədə yığmanın baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis bildirib ki, turnirə gələrkən məqsədləri əvvəlcə finala yüksəlmək, ardından çempionluğu qazanmaq olub:
"Finala vəsiqə qazanmaqla minimum hədəfə çatmışıq. Sabahkı oyun bizim üçün çox önəmlidir. Komandamız final matçına hazırdır. Rusiya yığmasının qrupda keçirdiyi hər iki oyunu təhlil etmişik, güclü və zəif cəhətlərini bilirik. Nə qədər çətin olsa da, finalda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdır. Finalda favorit olmur, komandaların şansları bərabərdir".
A.Nəbiyev azarkeş dəstəyinin finalda həlledici ola biləcəyini vurğulayıb:
"Sabahkı qarşılaşmada komandamızı qələbəyə səsləyəcək azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, azarkeşlərimiz sabah yanımızda olacaqlar. Gənc komandayıq, futbolçulara dəstək, motivasiya lazımdır. Ümid edirəm ki, final görüşünü dolu tribunalar önündə keçirəcəyik".
Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan (U-16) – Rusiya (U-16) matçı saat 14:00-da başlayacaq.