Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında ən böyük qazancımız təcrübə oldu"
- 02 dekabr, 2025
- 16:45
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi üçün Avropa çempionatının seçmə mərhələsi böyük təcrübə olub.
Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Həbib Ağayev deyib.
Mütəxəssis güclü rəqiblərlə mübarizə apardıqlarını söyləyib:
"Komanda nə qədər çalışsa da, heyətdəki məhdudiyyətlər böyük çətinlik yaratdı. Turnirin səviyyəsinə uyğun, ehtiyatda kifayət qədər təcrübəli və oyun ritmi yüksək olan futbolçuların yer almaması rotasiya imkanlarımızı məhdudlaşdırdı və bu da nəticələrə təsir etdi. Çətinliklərə baxmayaraq, komandamızın ən böyük qazancı təcrübə oldu. Belə güclü rəqiblərlə qarşılaşmaq, yüksək səviyyəli oyunlar keçirmək və mübarizə aparmaq inkişaf üçün çox dəyərlidir. Bu turnir qızlara həm beynəlxalq təcrübə, həm də yüksək templi oyunların tələblərini daha yaxşı anlamaq baxımından böyük fayda verdi".
Baş məşqçi turnirin ağır keçdiyini vurğulayıb:
"Şimali Makedoniya, Sloveniya və Gürcüstan komandaları ilə mübarizə apardıq. Makedonlar qrupu 7 xalla lider başa vurdular. Sloveniya da eyni xal toplamasına baxmayaraq, əlavə göstəricilərə görə ikinci yeri tutdu. Hər iki komandanın turniri eyni xalla başa vurması qrupun nə qədər güclü və rəqabətli olduğunu göstərir. Gürcüstan komandası da zəif deyildi. Ötən il A Liqasında yarışmış təcrübəli kollektivdir. Belə bir heyətlə qarşılaşmaq qrupun çətinliyini daha da artırdı. Ümumilikdə turnir bizim üçün çox ağır keçdi".
Qeyd edək ki, milli seçmə mərhələdə keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya 1:3, Gürcüstana isə 0:4 hesabı ilə məğlub olub.