Ayxan Abbasov: "Ukrayna millisi ilə matçda yaxşı mübarizə aparacağımıza inanıram"

Futbol
  • 12 oktyabr, 2025
  • 22:21
Ayxan Abbasov: Ukrayna millisi ilə matçda yaxşı mübarizə aparacağımıza inanıram

Azərbaycanın futbol üzrə millisinin baş məşqçisi Ayxan Abbasov komandanın Ukrayna ilə matçda yaxşı mübarizə aparacağına inanır.

"Report"un məlumatına görə, mütəxəssis bu barədə mətbuat konfransında deyib.

O, DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

"Sabah bizi yenə gərgin oyun gözləyir. Ardıcıl iki səfər matçı keçirmək çətindir. Üç günlük fasilə var. Futbolçularımızda yorğunluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq.

Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da aparmalıyıq. Bu görüşdə daha da yaxşı olmalıyıq. Ukrayna da bu görüşə final kimi yanaşır".

Ayxan Abbasov rəqibin İslandiya səfərində vacib qələbə qazandığını vurğulayıb:

"İslandiyada oynamaq bütün komandalar üçün çətindir. Ukraynanın bizimlə heç-heçə etdikdən sonra komandamıza yanaşmaları başqa cür olacaq. Bu, bizi çəkindirmir. Gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik".

Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti