Arif Əsədov: "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk "8-liy"ə də düşə bilər"

Futbol
  • 06 noyabr, 2025
  • 12:45
Arif Əsədov: Qarabağ Çempionlar Liqasının əsas mərhələsində ilk 8-liyə də düşə bilər

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk "8-liy"ə də düşə bilər.

Bu barədə "Report"a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib.

Mütəxəssis Ağdam təmsilçisinin ötən gün İngiltərənin "Çelsi" klubu ilə heç-heçə (2:2) etdiyi matça toxunub:

"Qarabağ"ın sərgilədiyi oyuna görə qürur duyuruq. Bütün Azərbaycan xalqı bu komanda ilə qürur duyur. Belə rəqibə qarşı bərabər futbol nümayiş etdirmək möhtəşəmdir. İlk dəqiqələrdə həyəcan, rəqibin gücü, təzyiqi özünü göstərdi. Amma sonradan özündə xarakter taparaq geridönüş edə bildilər. Komanda baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirdi və nizam-intizamı da qorudu. Əks-hücumlarda rəqibə təhlükə yaradırdı".

A.Əsədov bəzi oyunçuların 70-ci dəqiqədən sonra az da olsa, yorulduğunu söyləyib:

"Yorğunluq hiss edilirdi. Bu o demək deyil ki, "Qarabağ" fiziki cəhətdən hazır deyil. Sadəcə, təzyiq çox idi və nəzərə almaq lazımdır ki, qarşısındakı rəqib "Çelsi"dir. Bu komanda İngiltərə Premyer Liqasında çıxış edir və dəfələrlə ölkə çempionu olub. 70-ci dəqiqədən sonra edilən dəyişikliklərlə Qurban Qurbanov istədiyi nəticəyə nail oldu. Məncə, bu heç-heçə qələbəyə bərabər nəticədir".

Veteran futbolçu Azərbaycan çempionunun növbəti mərhələ şanslarına da toxunub:

"Məncə, "Qarabağ" "24-lüy"ə düşmək üçün işin 70-80 faizini görüb. Amma bu cür oyun davam etsə, "8-liy"ə düşmək şansı da var. Futbolda hər nəticə qeydə alına bilər. Rəqiblər də qeyri-sabit çıxış edirlər. Amma pley-off şansı çox yüksəkdir. Evdəki iki matçda ən azı 4 xal qazanmaq lazımdır".

Son xəbərlər

Bütün Xəbər Lenti