Arif Əsədov: "Əfsanələr Kuboku"nda iştirakım digər azərbaycanlılar üçün də yol aça bilər"
- 23 sentyabr, 2025
- 11:25

Arif Əsədovun Rusiyada tanınmış veteran futbolçuların iştirakı ilə təşkil olunan "Əfsanələr Kuboku"na qatılması Azərbaycanın digər nümayəndələri üçün də yol aça bilər.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq müdafiəçisinin özü deyib.
O, gənclik illərini xatırladığını söyləyib:
"Turnir yüksək səviyyədə keçirildi. Yarışda iştirak edən ilk Azərbaycan nümayəndəsi idim. Sanki dünya çempionatı ab-havası vardı. Azarkeş dəstəyi möhtəşəm idi, çünki hara baxırdılar, ulduz futbolçuları görürdülər. Həmçinin qaldığımız oteldə daim bir-birimizlə ünsiyyətdə olurduq, şəkil çəkdirirdik, müxtəlif söhbətlər edirdik. Demək olar ki, komandalar hamısı eyni yerdə məskunlaşmışdılar. Turnirdən böyük zövq aldım. Gənc vaxtlarımda SSRİ millisinin tərkibində dünya və Avropa çempionu olduğum, Rusiya çempionatında oynadığım illər yadıma düşdü. Vətənə çox yaxşı təəssüratlarla qayıtdım. Düşünürəm ki, mənim bu turnirdə çıxışım gələcəkdə Azərbaycanın digər nümayəndələri üçün də yol aça bilər. Kimisə bu turnirə dəvət edə bilərlər. Bu baxımdan körpü rolunu oynaya bildim".
SSRİ yığmasının tərkibində dünya və Avropa çempionu olmuş futbolçu yarışı 4-cü yerdə bitirdiklərini söyləyib:
"Əfsanələr Kuboku" ənənəvi turnirdir, artıq 15 ilə yaxındır keçirilir. Bu il də 6 komanda dəvət olunmuş və iki qrupa bölünmüşdü. Bizim qrupda Rusiya və Serbiya yer almışdı. Dünya, Avropa və Türkiyə əfsanələri digər qrupda idi. İlk oyunumuz Serbiyaya qarşı oldu və görüş 6:6 hesabı ilə başa çatdı. Rusiyaya isə 6:8 hesabı ilə məğlub olduq. Rusiya əfsanələri bu turnirə həmişə yaxşı hazırlaşırlar. Tez-tez yarışlarda olurlar. Bu da onların daim formada qalmasını şərtləndirir. Rusiya Serbiyanı məğlub etdiyi üçün top fərqinə görə qrup ikincisi olduq və növbəti matçda dünya əfsanələri ilə üz-üzə gəldik. Bu görüşdə də məğlub olaraq 4-cü yerlə kifayətləndik. Birinci yeri Rusiya əfsanələri tutdu. Avropa komandası ikinci, dünya əfsanələri isə üçüncü oldu. Serbiya 5-ci, Türkiyə 6-cı yeri tutdu".
A.Əsədov oyunların hər birində iştirak etdiyini söyləyib:
"Oyunların hər birində iştirak etdim. Görüşlər 20 dəqiqəlik iki hissədən ibarət idi. Meydançanın yanları qapalı olduğu üçün top kənara çıxmırdı və daim meydanda olurdu. Bu səbəbdən oyunlar intensiv keçirdi. Hər zaman dəyişiklik etmək olurdu. Hər heyətdə 10-a yaxın futbolçu var idi. Qapıçı da daxil olmaqla meydanda hər komandadan 6 nəfər mübarizə aparırdı".
Qeyd edək ki, Arif Əsədov "Əfsanələr Kuboku"nda Asiya əfsanələrinin heyətində yer alıb.