Arif Əsədov: "Əfsanələr Kuboku"na Avropa və dünya çempionu olduğuma görə dəvət almışam"
- 18 sentyabr, 2025
- 15:38

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Rusiyada təşkil olunacaq "Əfsanələr Kuboku"na Avropa və dünya çempionu olduğuna görə dəvət alıb.
Bunu "Report"a açıqlamasında mütəxəssis özü deyib.
O, turnirdə ilk dəfə iştirak edəcəyini söyləyib:
"Turnir 2009-cu ildən ənənə halını alıb və sentyabrın 20-21-də keçirilir. Bu il 6 - dünya, Avropa, Asiya, Rusiya, Serbiya və Türkiyənin əfsanələrindən ibarət komandaları yarışa qatılacaq. Mən Asiya əfsanələrinin tərkibində, ilk dəfə iştirak edəcəyəm. Heyətdə keçmiş postsovet ölkələrindən Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstanın məşhur futbolçuları yer alıblar. İlk oyunumuz Serbiya, daha sonra Rusiya əfsanələrinə qarşı olacaq. Gün ərzində iki görüş keçirəcəyik. Ayın 21-də isə ilk günün nəticələrindən asılı olaraq qarşılaşmalar baş tutacaq".
Sabiq müdafiəçi favoriti müəyyənləşdirməyin çətin olduğunu deyib:
"Bütün komandalarda tanınmış futbolçular var. Amma kimin favorit olduğunu demək çətindir. Təbii ki, bunu yarışın gedişində görəcəyik. Əslində, Rusiya yığmasına daha gənc futbolçular toplaşıblar. Dünya və Avropa yığmalarının heyətində isə daha yaşlı futbolçular yer alıblar".
A.Əsədov yarışa hazırlığı haqqında da danışıb:
"Həftədə bir dəfə futbol oynayırıq. Bu günlərdə hərəkətliliyimi bir qədər də artırmışam. Düzdür, dizimdə bir az problem var, ağrıyır. Amma əsas iştirak etməkdir. Mən yarışa SSRİ dönəmində Avropa və dünya çempionu olduğuma görə görə dəvət almışam".
Qeyd edək ki, Moskvada Rusiya, Avropa və dünya futbolunun ulduz veteranlarının iştirak edəcəyi "Əfsanələr Kuboku" sentyabrın 19-da start götürəcək.