AFFA-nın təşkil etdiyi "Məktəbli Qızlar" turnirində növbəti qrup oyunlarına start verilib
- 14 noyabr, 2025
- 16:21
AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirində növbəti qrup oyunlarına start verilib.
"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu dəfə Səbail və Xətai rayonları üzrə matçlar keçirilib.
Xətai rayonu üzrə A qrupunun ilk oyunları mərkəz seçilmiş 56 saylı tam orta məktəbdə keçirilib və 4 komanda mübarizə aparıb. Əvvəlcə 55 və 27 saylı məktəblərin, ardından isə 56 və 86 saylı məktəblərin komandaları qarşılaşıblar.
Səbail rayonu üzrə B qrupunun ilk görüşləri isə mərkəz seçilmiş 189-190 saylı tam orta məktəbdə təşkil olunub və 4 komanda yarışıb. Əvvəlcə 132-134 və 7 saylı məktəblərin, ardından isə 8 və 6 saylı məktəblərin komandaları qarşılaşıblar.
Xətai rayonu üzrə turnirin açılış mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov və 56 saylı məktəbin direktoru Könül Hüseynova çıxış edərək, bütün iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, "Məktəbli Qızlar" turniri 7-9 yaşlı qızlar üçün nəzərdə tutulmuş pilot layihədir. İlkin olaraq bu mövsüm layihənin 2 regionda - Bakı üzrə seçilmiş 20 dövlət və özəl məktəbdə və Lənkərandan 10 məktəbdə keçirilməsi planlaşdırılır. Turnirin təşkilində əsas məqsəd növbəti mövsüm AFFA U-10 Qızlar Liqasını yaratmaqla qızlar arasında erkən yaşlardan futbola marağın yaradılması və gələcəkdə aşağı yaş qrupu üzrə millilərə yeni futbolçuların cəlb edilməsidir.