Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib
- 01 avqust, 2026
- 13:21
Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.
2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib.
2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsinin bunun ən bariz nümunələrindən biri olduğu qeyd edilib. Bu nailiyyətin ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda mütəxəssisin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsi olduğu vurğulanıb.
Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.