"Ferrari" rəhbəri: "Bakıdakı yarış həmişə təxminedilməzdir"
- 17 sentyabr, 2025
- 17:20

Bakıdakı yarış həmişə təxminedilməzdir və imkanlarla doludur.
"Report"un "FormulaPassion"a istinadən verdiyi məlumata görə, bunu "Ferrari"nin rəhbəri Frederik Vasser qarşıdan gələn Azərbaycan Qran-prisi ilə bağlı dabışarkən bildirib.
"Bakıdakı "weekend" həmişə çətindir. Yarışlar təxminedilməzdir və imkanlarla doludur. Buna görə də hər şeyi mükəmməl etmək və özünə fokuslanmaq vacibdir", - o qeyd edib.
F.Vasser hesab edir ki, "Ferrari" qarşıdan gələn yarışa ciddi hazırlaşır:
"Başa düşürük ki, şəhər treklərindəki yarışlarda hər bir detal əhəmiyyət kəsb edə bilər. Məqsədimiz hər şeyi bir araya gətirmək və hər iki sürücü ilə ciddi nəticə əldə etməkdir".
Qeyd edək ki, "Ferrari" pilotu Şarl Lekler son dörd il ərzində Azərbaycan Qran-prisinin sıralama turunda qalib gəlib.
Cari mövsümün Konstruktorlar Kubokunda "Ferrari" ikincidir (280 xal). Bu komanda "McLaren"dən (617) geri qalır. Azərbaycan Qran-prisində "McLaren" Konstruktorlar Kubokunda qələbəni rəsmiləşdirə bilər.
Ümumi hesabda Ş.Lekler beşinci (163 xal), komanda yoldaşı Luis Hemilton isə altıncıdır (117 xal).
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.