Bakıda "Belçika və "Formula 1": tam sürətlə innovasiya" adlı tədbir keçirilib
- 18 sentyabr, 2025
- 20:20

Bakıda "Belçika və "Formula 1": tam sürətlə innovasiya" adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbir Belçikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirin rəsmi hissəsini Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon açaraq salamlama nitqi ilə çıxış edib.
"İlk növbədə, avtoidman dünyasının ən mühüm tədbirlərindən birinə - "Formula 1" Qran Prisinə ev sahibliyi edən Azərbaycana öz minnətdarlığımı bildirmək istərdim. Bu gün burada mühəndislik ustalığına, texnoloji yeniliklərə və yüksək dəqiqliyə əsaslanan idman növünə ümumi marağı və həvəsi olan Azərbaycan və Belçikadan olan dostlar toplaşıblar. "Formula 1" elm və sürətin unikal birləşməsidir. Belçika bu idman növünün inkişafına verdiyi töhfə ilə fəxr edir. Azərbaycan kimi biz də hər il "Formula 1" tarixinin ən əfsanəvi traslarından birində Qran Priyə ev sahibliyi etməkdən şərəf duyuruq", - diplomat qeyd edib.
Açılış mərasimindən sonra görüş panel müzakirəsi ilə davam edib, iştirakçılar avtomobil idmanının inkişafında innovasiya, texnologiya və beynəlxalq əməkdaşlığın rolunu müzakirə ediblər.
Tədbirdə "Aston Martin"in ehtiyat sürücüsü Stoffel Vandorn, sabiq "Formula 1" pilotu, "Ferrari" Pilot Akademiyasının rəhbəri və "Skuderia Ferrari" komandasının direktor müavini Jerom D'Ambrozio, belçikalı "Formula 1" mühəndisi və "Williams Racing Formula One" komandasının idman direktoru Sven Smits, "Racing Force Group"un baş direktoru Stefan Koen və hüquqşünas, "Formula 1" stüardı Loik Bakeleyn çıxış ediblər.
Panel müzakirələri zamanı natiqlər qeyd ediblər ki, Belçika istər qabaqcıl materiallar, istər dəqiq mühəndislik, istərsə də davamlı mobillik həlləri vasitəsilə idmanın inkişafına töhfə verən qabaqcıl şirkətlərin və tədqiqat institutlarının vətənidir.
Tədbir iştirakçıları vurğulayıblar ki, Belçikanın aerodinamika, məlumatların təhlili və yüksək məhsuldar istehsal sahəsində təcrübəsi "Formula 1"i dəstəkləyən innovasiya ekosistemində mühüm rol oynayır və ölkəni qlobal idman şousunun pərdə arxasında sakit, lakin güclü qüvvəyə çevirir.