Xankəndidə XI Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub
- 09 dekabr, 2025
- 15:17
Bu gün Xankəndidə XI Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.
"Report"un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, mərasimdə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, yarış iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Himninin səsləndirilməsindən sonra Vüqar Həşimov Memorialı ilə bağlı videorolik nümayiş olunub. Yarışın direktoru Anar Allahverdiyev turnir haqqında iştirakçılara məlumat verib.
Daha sonra Azərbaycan Prezidentinin Xocalı və Xankəndi şəhəri üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edib. O, yarışın önəmindən, Azərbaycanda şahmatın, idmanın inkişafına töhfəsindən danışıb. S.Qəhrəmanov həmçinin sözügedən bölgələrdə görülən işlərdən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında yarışa gələnlərə təşəkkür edib. O, 2022-ci ildə ilk dəfə Şuşada beynəlxalq yarış təşkil olunduğunu bildirib. 2024-cü ildə isə Vüqar Həşimov Memorialının keçirildiyini söyləyib. O, bu turnirin Azərbaycanda şahmatın inkişafına xüsusi töhfə verdiyini də bildirib.
Federasiya rəhbəri iştirakçılara Vüqar Həşimov haqqında da danışıb, onun uğurlarından bəhs edib. Həmçinin Memorialın ölkədə və dünyada nüfuza malik olduğunu deyib. M.Məmmədov iştirakçılara uğurlar arzulayıb. O, qrossmeyester Rauf Məmmədovun son illərdəki uğurlarını da xüsusi qeyd edib.
Daha sonra Vüqar Həşimov Memorialının banisi, uzun illər Azərbaycan şahmatına xidmət göstərmiş Qasım Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Ardından onun haqqında video nümayiş etdirilib.
Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin sədri Sərxan Həşimov da fikirlərini bölüşüb. O, yarışı daim davam etdirəcəklərini söyləyib. Turnirin Xankəndidə keçirilməsinin önəmini vurğulayıb və yarışı açıq elan edib.
XI Vüqar Həşimov Memorialının baş hakimi Rauf Hacılı isə yarışın formatı və reqlamenti haqqında məlumat verib.
Qeyd edək ki, Memorial dekabrın 11-nə qədər keçiriləcək.