Şuşada "İgidlərin izi ilə" adlı Zəfərə həsr olunmuş turnir keçirilib
- 07 oktyabr, 2025
- 09:59

Şuşa şəhərində Zəfərin 5 illiyinə həsr olunmuş "İgidlərin izi ilə" adlı qayayadırmanma turniri keçirilib.
"Report"un məlumatına görə, iki gün davam edən tədbirin birinci günündə iştirakçılar Muxtar kəndindən Cıdır düzünə qədər piyada yürüş edərək igidlərimizin keçdiyi yollarla tanış olublar.
İkinci gün isə Cıdır düzündə keçirilən qayayadırmanma yarışı gərgin və maraqlı idman mübarizəsinə çevrilib. Peşəkar və həvəskar komandalar yarışda güclərini sınayıb. Sonda qalib komandalar diplomlarla təltif olunub.
Turnir təkcə idman yarışı deyil, həm də şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi, Zəfər tariximizin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, idman yarışı Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilib.