Şotokan karate üzrə XXXIII Azərbaycan çempionatı keçirilib
- 15 sentyabr, 2025
- 15:24

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə şotokan karate üzrə XXXIII ölkə çempionatı keçirilib.
"Report" AKF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda Bakı, Sumqayıt, Naxçıvan Muxtar Respublikası, Gəncə, Şirvan, Qazax, Şəki, Ucar, Lənkəran, Salyan və digər regionlardan 400-ə qədər idmançı gücünü sınayıb.
Respublikanın müxtəlif bölgələrindən 30-a yaxın klub çempionatda iştirak edib.
Açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə AKF-nin idarə heyətinin üzvü, şotokan karate üzrə rəhbər Elçin Mehdizadə, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, idman ictimaiyyətinin tanınmış nümayəndələri, məşqçilər, hakimlər, idmançılar və azarkeşlər iştirak ediblər.
Qeyd edək ki, komanda hesabında "Qaraqaplan" İdman Klubu birinci, "Arpaçay" Karate Klubu ikinci, FHN - "Budokan" İdman Klubu isə üçüncü yeri tutub.