Rəşad Rəsullu: "Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır"

Fərdi
  • 16 mart, 2026
  • 18:27
Rəşad Rəsullu: Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır

Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu ACF-nin mətbuat xidmətinə açıqlamasında bildirib.

Qurum rəsmisi Gəncənin Avropa Kubokuna ev sahibliyi etməsi barədə danışıb:

"Ölkəmiz dördüncü dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək. Azərbaycan beynəlxalq cüdo yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmiz uzun illərdir nüfuzlu beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bu baxımdan Azərbaycan artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır. Cari ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə əlaqədar beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. Həmin mötəbər yarışdan əvvəl yeniyetmələr arasında Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır".

R.Rəsullu yarış üçün 13 ölkədən 210 idmançının qeydiyyatdan keçdiyini bildirib:

"Göygöl və Qubadan sonra turnirin Gəncədə keçirilməsi həm regionlarda cüdonun inkişafına əlavə təkan verir, həm də yeniyetmə idmançılarımızın yüksək səviyyəli beynəlxalq rəqabət mühitində mühüm təcrübə qazanmasına şərait yaradır. Bu cür yarışların bölgələrdə təşkili cüdonun ölkə üzrə daha da kütləviləşməsinə və gələcək uğurlar üçün sağlam idman bazasının formalaşmasına xidmət edir".

Qeyd edək ki, Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan Avropa Kuboku aprelin 4-5-də Gəncə İdman Sarayında keçiriləcək. Həmin yarışdan sonra, aprelin 6–8-də Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.