Nurlan Seytimov: "III MDB Oyunlarının Gəncədə baş tutan açılışı möhtəşəm idman hadisəsi idi"
- 29 sentyabr, 2025
- 13:53

III MDB Oyunlarının Gəncə stadionunda baş tutan açılış mərasimi möhtəşəm idman hadisəsi idi.
"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu MDB-nin Baş katibinin müavini Nurlan Seytimov jurnalistlərə açıqlamasında deyib.
O, Gəncədə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası barədə danışıb:
"Bir sıra maraqlı müzakirələrimiz oldu. III MDB Oyunlarının açılış mərasimi ilə bağlı təkcə öz fikrimi deyil, həmin vaxt stadionda olan hər kəsin düşüncələrini bölüşmək istəyirəm. Dünən oyunların təntənəli açılışından həzz almaq imkanımız oldu. Bu, ilk növbədə inanılmaz dərəcədə möhtəşəm bir hadisə idi. Qısa müddət ərzində ölkənin inkişafının əsas tarixi məqamlarını əhatə etmək, onları tamaşaçılara çox yüksək səviyyədə, rəngarəng və milli ruhda təqdim etmək təqdiredici idi".
N.Seytimov III MDB Oyunlarının önəmini qeyd edib:
"Yarışların 7 şəhərdə keçirilməsi önəmli faktordur. 1600-dən çox idmançı 23 idman növü üzrə ədalətli mübarizə aparmaq, güclüləri müəyyənləşdirmək üçün bura üz tutublar. İdman qurğuları çox müasir, funksionaldır. Düşünürəm ki, yeni tikilən və bərpa olunan idman obyektləri hələ uzun müddət Azərbaycanın idman ictimaiyyətinə xidmət edə biləcək. Bu, Azərbaycanın təşkil etdiyi MDB idman hərəkatına mühüm töhfədir".
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.