Naxçıvanda Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib
- 06 noyabr, 2025
- 14:25
Naxçıvanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, Zəfər Gününün önəmini əks etdirən və gənclərin intellektual inkişafına töhfə vermək məqsədilə təşkil olunan turnirdə müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılar bacarıqlarını nümayiş etdiriblər.
Turnirdə ümumilikdə 87 şahmatçı iştirak edib. Onlardan 51-i reytinqli, 36-sı isə reytinqsiz oyunçulardır. Yarışda 11 qadın və 24 kişi iştirakçı, həmçinin 6–16 yaş aralığında 62 gənc, 2 Türkiyə vətəndaşı və 5 veteran şahmatçı mübarizə aparıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Şahmat Mərkəzində keçirilən turnirin qalibləri xüsusi tədbirdə mükafatlandırılacaqlar.