MOK-da Təhlükəsiz İdman üzrə beynəlxalq ekspertlərlə görüş keçirilib
- 17 oktyabr, 2025
- 16:31

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Təhlükəsiz İdman üzrə beynəlxalq ekspertlərlə görüş olub.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Görüşdə MOK-un baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev, idman şöbəsinin baş məsləhətçisi və təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, təhlükəsiz idman üzrə işçi qrupunun üzvü Elxan Səməd-zadə, təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva, Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet, BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA üzrə nümayəndəsi Maya Pekoviç iştirak ediblər.
Görüş zamanı Azərbaycanda idman mühitində təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, idmançılar üçün müdafiə protokollarının işlənməsi və beynəlxalq təlim proqramlarının tətbiqi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
MOK-un baş katibi Azər Əliyev qonaqları salamlayaraq "III Təhlükəsiz İdman Forumu"nda iştirak edən beynəlxalq nümayəndələrə təşəkkürünü bildirib. O, çıxışı zamanı tədbirin idmanda sağlam və təhlükəsiz mühitin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Azər Əliyev Təhlükəsiz İdmanla bağlı birgə layihələrin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu bildirib.
Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet MOK-un bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA üzrə nümayəndəsi Maya Pekoviç "III Təhlükəsiz İdman Forumu"nun yüksək səviyyədə təşkil olunmasına görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlıq edib.
Görüşdə gələcəkdə yerli federasiyalarla birgə Təhlükəsiz İdman mövzusunda müxtəlif layihələrin həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub.
Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkli çəkdirilib.