İsveçrənin Azərbaycandakı səfirliyinin dəvəti ilə Bakıya gələn güləşçilərlə görüş keçirilib
- 09 oktyabr, 2025
- 15:17

İsveçrənin Azərbaycandakı səfirliyinin dəvəti ilə bu ölkədən Bakıya gələn güləşçilərlə Azərbaycan Güləş Federasiyasında görüş keçirilib.
"Report"un məlumatına görə, İsveçrənin ənənəvi "Schwingen" güləş növü ilə məşğul olan Qiyan Odermatt, Karim Leuppi, Andrin Poltera və Daniel Böş daha sonra Azərbaycan pəhləvanları ilə birlikdə məşq ediblər və təcrübə mübadiləsi aparıblar.
Tədbir "Schwingen" ilə Azərbaycanın qədim güləş irsini birləşdirib. Bildirilib ki, görüş hər iki ölkənin idmançılarının texnika, ənənə və dəyərlərini bölüşməsi, beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi və güləşin universal dili vasitəsilə qarşılıqlı anlaşmanın təşviq edilməsi üçün unikal fürsət olub.
"Schwingen" yonqar (taxta kəpəyi) üzərində keçirilən xalq güləşi növüdür və İsveçrənin ən məşhur və rəmzi milli idman növlərindən biri hesab edilir. Hər üç ildən bir keçirilən İsveçrənin Federal Güləş və Alp Festivalı 400 000-dən çox tamaşaçını bir araya gətirir və ölkənin mədəniyyətini, icma ruhunu və milli qürurunu qeyd edir. Qaliblər - "Schwingerkönig" (Güləş Kralı) adını alan çempionlar - İsveçrənin milli qəhrəmanları və qürur simvolu hesab olunurlar.
Qeyd edək ki, güləşçilər "İsveçrə Günləri 2025" tədbirində iştirak etmək üçün Bakıya gəliblər. Tədbir oktyabrın 11–12-də Bakı Bulvarında keçiriləcək. Bu tədbirdə isveçrəli idmançılar Azərbaycan güləşinin tanınmış nümayəndələri ilə birlikdə maraqlı çıxışlar edəcəklər, hər iki ölkənin zəngin güləş ənənələrini nümayiş etdirəcəklər.