Hacı Əliyev: "Güləşçilərin III MDB Oyunlarındakı nəticələri o qədər də pis deyil"
- 04 oktyabr, 2025
- 13:02

III MDB Oyunlarında güləşçilərin qazandıqları nəticələr o qədər də pis deyil.
"Report"un Qərb bürosunun məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev açıqlamasında deyib.
O, turnirdə güləşçilərin yüksək nəticələr əldə edəcəyinə inandığını da bildirib:
"Hər kəs istəyər ki, nəticələr daha yaxşı olsun, qızıl medallar çox olsun. Amma bu, idmandır, burada həm məğlubiyyət var, həm də qələbə. Yarış ölkəmizdə keçirildiyi üçün idmançılarımız azarkeşlərdən daha çox dəstək gördülər və bu baxımdan rəqiblərindən üstün idilər. Daha yaxşı nəticə göstərə bilərdilər, amma təəssüf ki, gözlədiyim nəticə alınmadı. Düşünürəm ki, əldə olunan nəticələr də o qədər də pis deyil. Sabah isə 5 sərbəst güləşçimiz çıxış edəcək. Əlbəttə, səhvlər var, amma onların təkrarlanmaması üçün üzərində işləməliyik".
Təcrübəli idmançı bu il həm dünya, həm də Avropa çempionatında güləşçilərin yanında olduğunu söyləyib:
"Bizim Avropa çempionlarımız var ki, burda da mübarizə aparırlar. Amma onların yarısı sabah çıxış edəcək. Yaxşı nəticə gözləyirdim, amma alınmadı. Yenə də qeyd etmək lazımdır ki, bunlar yeniyetmə güləşçilərdir. Əgər böyüklər olsaydı, bu nəticəni ciddi səhv kimi qiymətləndirmək olardı. Yeniyetmələr isə təcrübəsizdir, çox səhv edirlər və bu da onların yaşı ilə bağlıdır. Mənə elə gəlir ki, onlar bir neçə ilə özlərini tam formalaşdıracaqlar. Bizim də əsas məqsədimiz yeniyetmələrə dəstək olmaqdır. Mən istəyirəm ki, onlar mənim qazandığımdan da daha çox nəticə qazansınlar".
Qeyd edək ki, Azərbaycan güləşçiləri ötən gün yeddi medal qazazanıblar.