Emi Karlon Bakıdakı Dünya Kubokunu izləyib
- 23 fevral, 2026
- 15:05
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilmiş batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda dünyanın ən istedadlı gənc gimnastlarının möhtəşəm çıxışlarını izləyib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
"Səfirlik adından bütün iştirakçıları, o cümlədən Azərbaycandan altı, ABŞ komandasından isə üç medal qazanan idmançını səmimi qəlbdən təbrik edirik! Xüsusilə, kişilər arasında fərdi tamblinq yarışında bütün podiumun Azərbaycan və ABŞ idmançılarından ibarət olması (şəkildə) bizi xüsusilə sevindirdi. Azərbaycan kimi, Amerika Birləşmiş Ştatları da beynəlxalq idman tədbirlərinə, o cümlədən gimnastika yarışlarına ev sahibliyi etməklə qürur duyur. Martın 7-də Nevada ştatının Las Veqas şəhəri bədii gimnastika üzrə Amerika Kubokuna ev sahibliyi edəcək. Bu yarış ilk dəfə qarışıq komanda (kişilər və qadınlar) formatında təşkil olunacaq və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında baş tutacaq ilk qarışıq komanda üzrə gimnastika yarışına sınaq xarakteri daşıyacaq", - deyə paylaşımda bildirilib.