Azərbaycanlı paralimpiya çempionu: "Titullarımı qorumaq üçün əlimdən gələni edəcəyəm"
- 02 dekabr, 2025
- 13:50
Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov titullarını, həmçinin dünya reytinqində birinci pillədəki yerini qoruyub saxlamaq üçün əlindən gələni edəcək.
Parataekvondoçu bunu "Report"a açıqlamasında deyib.
"Özbəkistanda təlim-məşq toplanışları planlaşdırılır. Əsas fikrimizi gələn il keçiriləcək Avropa və dünya çempionatlarına yönəltmişik. Mən bu iki yarışın qalibi olmuşam. Titullarımı, həmçinin dünya reytinqində birinci pillədəki mövqeyimi qoruyub saxlamaq üçün əlimdən gələni edəcəyəm", - İ.Xəlilov söyləyib.
Paris-2024-ün qalibi bir neçə gün öncə Özbəkistanda qatıldığı "Biz birgəyik" adlı beynəlxalq könüllülər festivalında iştirakı ilə bağlı təəssüratlarını da bölüşüb:
"Özbəkistandakı festivala Azərbaycanın bütün parataekvondoçuları adından qatılmışdım. İndiyə qədər Azərbaycanı idmanda təmsil edirdim. İndi isə ilk dəfə xarici ölkəyə fəxri qonaq kimi yollandım. Bu, mənim üçün qürurverici idi. Orada Azərbaycanın və digər ölkələrin könüllülərinin fiziki məhdudiyyətli, həmçinin digər insanlara göstərdikləri dəstək məni sevindirdi".
Qeyd edək ki, İ.Xəlilov əlilliyi olan könüllülərin də yer aldığı festival iştirakçılarına öz uğur yolundan danışıb. Sonda tədbir iştirakçılarının sualları cavanlandırılıb.