Həsrət Cəfərov dünya çempionu olub, Ülvi Qənizadə bürünc medal qazanıb

Fərdi
  • 03 noyabr, 2021
  • 18:02
Həsrət Cəfərov dünya çempionu olub, Ülvi Qənizadə bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında bürünc medal görüşünü keçirib.

"Report"un məlumatına görə, 72 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada iranlı Amir Abdi ilə üz-üzə gəlib.

İlk hissədən sonra 0:6 hesabı ilə geridə olan Qənizadə möhtəşəm geridönüş edərək yekunda qələbə qazanıb - 12:7.

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Ötən gün Nihad Quluzadə (55 kq) dünya üçüncüsü olub. Bu, yığmanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.

21:43

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda U-23 dünya çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.