Azərbaycanın çimərlik güləşçiləri növbəti il Dünya Seriyasında bütün çəki dərəcələrində çıxış edəcək
- 21 oktyabr, 2025
- 16:44

Azərbaycanın çimərlik güləşçiləri 2026-cı ildə Dünya Seriyasında bütün çəki dərəcələrində çıxış edəcəklər.
"Report"un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Oyan Nəzəriani Bakıdakı qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.
O, Misirin İsgəndəriyyə şəhərində təşkil edilən Dünya Seriyasının final mərhələsi ilə bağlı fikirlərini bölüşüb:
"Bu, çimərlik güləşində ilin son yarışı idi. İki çəki dərəcəsində təmsil olunurduq. Hər ikisində idmançılarımız Dünya Seriyasında qızıl mükafat əldə etdilər"
Mütəxəssis 2026-cı ildə keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunlarına ciddi hazırlaşacaqlarını söyləyib:
"Artıq növbəti il üçün planlarımızı qurmuşuq. Avropa və dünya çempionatlarında həmin yaş qruplarını seçmişdik. Bu yarışlarda da yaxşı nəticələrimiz var idi. 2026-cı il məsuliyyətli il olacaq".
Baş məşqçi 2026-cı ildə Dünya Seriyasında bütün çəkilərdə çıxış edəcəklərini vurğulayıb:
"Gələn il komanda hesabında da iddialı olmaq üçün dörd çəki dərəcəsində də yer alacağıq. Qazandığımız yüksək nəticələr Azərbaycan Güləş Federasiyasının çimərlik güləşinə ciddi yanaşmasının nəticəsidir. Bir çox ölkələr artıq çimərlik güləşində öz yerlərini tutublar. Demək olar ki, öndə gedən ölkələrin biri də Azərbaycandır. Azərbaycan Güləş Federasiyasının uzaqgörən siyasəti nəticəsində bu nailiyyətləri qazanırıq. Ümid edirəm ki, bu növdə iddiamızı daim qoruyacağıq".
Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışda 2 qızıl, 1 bürünc medal qazanıblar. İbrahim Yusubov (90 kq) və Vüsal Əliyev (80 kq) qızıl, Sahib Dadaşov (80 kq) isə bürünc mükafata sahib çıxıb.