Azərbaycan millisinin məşqçisi: "Sevindirici haldır ki, doğma torpaqda himnimiz səsləndi"
- 30 sentyabr, 2025
- 11:33

Doğma torpaqda Azərbaycan himninin səslənməsi sevindirici haldır.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Azərbaycanın üzgüçülük millisinin məşqçisi Teymur Quliyev deyib.
O, 400 metr məsafəyə qarışıq üzmə yarışında qızıl medal qazanan Oqtay Hüseynovun çıxışını şərh edib:
"Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Başda gənclər və idman naziri Fərid Qayıbov olmaqla, üzgüçülərimizi qələbəyə səsləyən hər kəsə minnətdarlığımı bildirirəm. Yarışa çox ciddi hazırlaşmışıq. MDB Oyunlarının üzgüçülük yarışlarında heç vaxt qızıl medal qazanmamışdıq. Sevindirici haldır ki, doğma torpaqda himnimiz səsləndi".
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.