Azərbaycan millisinin məşqçisi: "Boksçularımız Dünya Kubokunda yaxşı çıxış etdilər"
- 08 dekabr, 2025
- 14:33
Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda yaxşı çıxış ediblər.
Bunu "Report"a açıqlamasında komandanın məşqçisi Rafiq İsmayılov deyib.
O, turnirin səviyyəsinin yüksək olduğunu vurğulayıb:
"Bu yarışda 15 ölkədən 115 boksçu mübarizə aparırdı. Komanda hesabında ikinci olduq. Yarışda 8 bokçu ilə təmsil olunurduq. Yadigar Əliyev (51 kq) ikinci, Əli Miriyevlə (60 kq) Novruzəli Quliyev (75 kq) üçüncü yerə çıxdılar. Yalnız 67 kq çəkidə yarışan Malik Həsənov çempion oldu. Çox güclü, səviyyəli yarış idi. Ümumilikdə boksçularımız yaxşı çıxış etdilər. Ümid edirəm ki, növbəti yarışlarda bunun davamı da gələcək".
Qeyd edək ki, Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıb. Malik Həsənov (67 kq) bütün rəqiblərini üstələyib. Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) isə bürünc mükafat əldə ediblər.