Azərbaycan millisinin böyük məşqçisi: "III MDB Oyunlarında rəqabət güclü olacaq"
- 12 sentyabr, 2025
- 11:36

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında rəqabət güclü olacaq.
"Report" xəbər verir ki, bu barədə kayak və kanoe avarçəkməsi üzrə Azərbaycan millisinin böyük məşqçisi Mirnazim Cavadov yarışın rəsmi saytına açıqlama verib.
O, turnirə hazırlığın plana uyğun getdiyini bildirib:
"Heyətimiz müəyyənləşib. Oyunlara qədər bir sıra idmançılar beynəlxalq turnirlərdə çıxış edəcəklər. İki avarçəkənimiz Portuqaliyada Gənclər və yeniyetmələr arasında dünya çempionatında iştirak edib. Hazırlıq çərçivəsində Belarusda təlim-məşq toplanışı, həmçinin Rusiyanın Barnaul şəhərində keçiriləcək turnir planlaşdırılır. Bir neçə idmançımız Milanda Böyüklər arasında dünya çempionatında da iştirak ediblər. III MDB Oyunlarında uğurlu çıxışa ümid edirik. Daha çox qızıl medal istərdik, amma rəqabət güclü olacaq. Buna baxmayaraq, mükafat yerləri uğrunda mübarizə aparmağa hazırıq".
Akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Vladimir Morozov isə komandanın böyük iş gördüyünü vurğulayıb:
"Oyunlara hazırlıq hələ 2024-cü ilin sentyabrında başlayıb. Biz 10 perspektivli idmançı seçdik və onlar Mingəçevir bazasında məşq edirlər. Burada bütün lazımi şərait var. İdmançılar artıq yaxşı nəticələr göstəriblər. Azər İlyasov və Cahangir Məmmədli Avstriyada keçirilən beynəlxalq reqatada ikinci yeri tutublar. Xüsusi ümidlərimiz Nurlan Paşayev, Azər İlyasov və Cahangir Məmmədliyədir. Onlar medal uğrunda mübarizə aparmaq gücünə malikdirlər. Rəqiblərimiz isə avarçəkmədə zəngin təcrübəsi olan ölkələrdir. Komandamız gəncdir, amma biz onlarla rəqabət aparacağıq"
Onun sözlərinə görə, idmançılar intensiv rejimdə – həftədə yalnız bir gün istirahət olmaqla, gündə iki dəfə məşq edirlər: "Federasiya isə bütün lazımi şəraiti yaradır və beynəlxalq arenada çıxış imkanlarını təmin edir".
Qeyd edək ki, Azərbaycan 28 sentyabr – 8 oktyabr tarixlərində III MDB Oyunlarına ev sahibliyi edəcək.