Azərbaycan millisinin böyük məşqçisi: "Cüdoçular Avropa çempionatında gözəl çıxış etdilər"

Fərdi
  • 03 noyabr, 2025
  • 15:34
Azərbaycan millisinin böyük məşqçisi: Cüdoçular Avropa çempionatında gözəl çıxış etdilər

Azərbaycan cüdoçuları Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında gözəl çıxış ediblər.

Bunu "Report"a açıqlamasında kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov deyib.

O, Avropa çempionatının ciddi yarış olduğunu söyləyib:

"Həqiqətən cüdo millimiz Avropa çempionatında gözəl çıxış etdi. Bu, sıradan turnir deyil, ildə bir dəfə keçirilir və bütün Avropa ölkələri ciddi hazırlaşır. Yarışda altı - 60, 66, 81, 90, 100 və daha ağır çəki dərəcələrində təmsil olunduq. Dörd çəki dərəcəsində medal qazandıq".

Mütəxəssis bəzi cüdoçuları fərqləndirib:

"Sevindirici məqam Kənan Nəsibovla bağlıdır. Azərbaycan cüdo tarixində Kənan kimi cüdoçular azdır. O, bizim üçün tapıntıdır. Çünki Uşanqi Kokauridən sonra ağır çəki dərəcəsində kimin yarışacağı düşündürücü idi. Bu üzdən Kənanın gəlişi bizim üçün sevindirici haldır. Gəncdir, gələcəyi var, karyerası hələ irəlidədir. Bundan əlavə, İslam Rəhimovdan əvvəllər də yarışlarda medal gözləyirdik, amma uğursuzluq olurdu. Həmişə zədələri səbəbindən Avropa və dünya çempionatlarında tam gücü ilə iştirak edə bilmir, psixoloji cəhətdən də hazır olmurdu. Şükürlər olsun, üç ildən sonra toparlandı, sağaldı və xarakter göstərdi. Finalda məğlub durumda olmasına baxmayaraq, toparlandı və niderlandlı rəqibi üzərində qələbə qazandı. Onun da uğuru bizi çox sevindirdi. Ömər Rəcəbli ötən il Avropa çempionatında üçüncü olmuşdu, bu dəfə gümüş medal qazandı. Gələcəyi irəlidədir, ondan da gözləntilərimiz çoxdur".

E.Məmmədov rəqabətin vacibliyini vurğulayıb:

"Rəqabət olduqca, cüdoda inkişaf da görəcəyik. Növbəti çempionatlarda baş məşqçi Riçard Trautmanın qərarına əsasən bəzi cüdoçular böyüklərdən ibarət komandaya dəvət ala bilər. Ömərlə Kənan demək olar böyüklərdən ibarət komandada iştirak edirlər. İslam Rəhimov da bu səviyyəyə yaxınlaşdı. İnanıram ki, onu böyük arenalarda görəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla tamamlayıb və ümumi komanda hesabında həm də kişilər arasında birinci yeri tutub. Kənan Nəsibov (+100 kq) və İslam Rəhimov (66 kq) Avropa çempionu olub. Ömər Rəcəbli (81 kq) gümüş, Aslan Kotsoyev (90 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti