Azərbaycan millisinin baş məşqçisi: "Bakıdakı mundialda nəticələr gözlədiyimizdən yaxşı oldu"
- 03 noyabr, 2025
- 11:24
Azərbaycanın qol güləşi komandası Bakıda təşkil olunan dünya çempionatında gözləniləndən daha yaxşı nəticə göstərib.
Bunu "Report"a açıqlamasında 84 medal (25 qızıl, 32 gümüş, 27 bürünc) qazanan yığmanın baş məşqçisi Samir Babayev deyib.
O, çox sayda medal qazanacaqlarını əvvəlcədən təxmin etdiklərini söyləyib:
"Baş məşqçi kimi nəticələrdən razı qaldım. Çünki ilk dəfədir ev sahibi olduğumuz dünya çempionatında Azərbaycan komanda hesabında bütün rəqibləri geridə qoydu və kubokun qalibi oldu. İdmançılarımız ümumilikdə 25 qızıl, 32 gümüş və 27 bürünc medal əldə etdilər. Nəticələr gözlədiyimizdən yaxşı oldu. Çox sayda medal qazanacağımızı əvvəlcədən təxmin edirdik. Amma bu qədər olacağını düşünmürdüm. İdmançılar yarışa məsuliyyətlə hazırlaşmışdılar. Ona görə də nəticələr ürəkaçan oldu. Həm gənclərdən, həm də böyüklərdən ibarət komanda qalib oldu. Həm də ümumilikdə Azərbaycan komandası dünya çempionluğunu əldə etdi".
Baş məşqçi növbəti hədəfin Avropa çempionatı olduğunu bildirib:
"Bu ilin sonuna qədər yarış nəzərdə tutulmayıb. 2026-cı ilin martında Azərbaycan çempionatının keçirilməsi nəzərdə tutulub. Ölkə birinciliyində fərqlənən idmançılar mayda Avropa çempionatında iştirak edəcəklər. Bu turnirin hansı ölkədə keçiriləcəyi hələ dəqiqləşməyib. Rumıniyada təşkili nəzərdə tutulur. Növbəti hədəfimiz məhz Avropa çempionatıdır".
Qeyd edək ki, dünya çempionatında 30 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.