Azərbaycan karateçisi: "Üçüncü dəfə İslamiadanın qalibi olduğum üçün çox sevincliyəm"

Fərdi
  • 12 noyabr, 2025
  • 22:32
Azərbaycan karateçisi: Üçüncü dəfə İslamiadanın qalibi olduğum üçün çox sevincliyəm

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan karateçi İrina Zaretska (68 kq) İslamiadanı üçüncü dəfə qalib kimi başa vurduğu üçün sevinc və qürur hissləri keçirir.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, bunu İrina Zaretska jurnalistlərə açıqlamasında deyib.

O, qazandığı uğurda əməyi olan hər kəsə təşəkkür edib:

"Bu, mənim üçün vacib olan qələbə idi. Dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm. Analıq məzuniyyətindən sonra güc toplamalı idim. Qazandığım qızıl medal daha yaxşı toparlanmağım üçün motivasiya olacaq və gələcək yarışlara daha yaxşı hazırlaşacağam. Məqsədim odur ki, növbəti turnirlərdə medallar qazanıb və Azərbaycanın bayrağını ucalara qaldırım".

Qeyd edək ki, İrina Zaretska həlledici görüşdə Türkiyə təmsilçisi Eda Eltemuru (Türkiyə) 5:3 hesabı ilə məğlub edib.

O, üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. Karateçi 2017-ci ildə Bakıda, 2021-ci ildə isə Konyada fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti