Avropa çempionu olan azərbaycanlı boksçu: "Eyni nəticəni mundialda da təkrarlayacağıma inanıram"
- 02 dekabr, 2025
- 11:09
Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçusu Sübhan Mamedov böyüklərin yarışında da eyni uğuru təkrarlayacağına inanır.
Gənc idmançı bu barədə "Report"a açıqlama verib.
50 kq çəki dərəcəsində qitə çempionu olan boksçu turnirlə bağlı təəssüratlarını bölüşüb:
"Bu, mənim ilk Avropa çempionatım idi. Yarışa yollanmamışdan əvvəl çempion olacağım barədə söz vermişdim. Sözümü tutdum və qızıl mükafat qazandım. Avropa çempionu kimi Vətənə qayıtdım. Bizi qarşıda dünya çempionatı gözləyir. Bu nəticəni mundialda da təkrarlayacağıma inanıram".
Qeyd edək ki, böyüklər arasında dünya çempionatı dekabrın 3-13-ü aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Sübhan Mamedov bu yarışda 48 kq-da rinqə çıxacaq.