Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı beşə çatıb
- 06 oktyabr, 2025
- 09:17

Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında 1/4 final görüşlərinə yekun vurulub.
"Report"un məlumatına görə, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.
Zidan Hümbətov (55 kq) Saşa Menkaronini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:27, 30:27, 29:28, 30:27). O, yarımfinalda Riza Muhammed Safari (İngiltərə) ilə döyüşəcək.
Bununla da yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçuların sayı 5-ə yüksəlib. Bilalhəbaşi Nəzərov (50 kq), Sübhan Babayev (60 kq) və Banuçiçək Nəsirli (48 kq) final uğrunda oktyabrın 7-də mübarizə aparacaqlar. İlkanə Əhmədova (+80 kq) ilə Hümbətov isə yarımfinal görüşünə 1 gün sonra çıxacaqlar.
Qeyd edək ki, oktyabrın 6-sı Avropa çempionatında istirahət günüdür.