AFFA rəsmisi: "FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinə təyinat mənim üçün qürurdur"

Fərdi
  • 14 oktyabr, 2025
  • 12:33
AFFA rəsmisi: FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinə təyinat mənim üçün qürurdur
Könül Mehdiyeva

FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinə təyinat AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva üçün qürurdur.

Bunu "Report"a açıqlamasında K.Mehdiyeva deyib.

O, bunun önəmli bir mərhələ olduğunu söyləyib:

"FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü təyin olunmağım mənim üçün böyük qürur hissidir. Bu, həm ölkəmizi, həm də UEFA-da Azərbaycanı təmsil etmək baxımından peşəkar inkişaf yolunda mənim üçün önəmli bir mərhələdir. Ümid edirəm ki, komitənin fəaliyyətində və verdiyi qərarlarda fəal iştirak edərək, müsbət töhfələr verə biləcəyəm".

AFFA-nın vitse-prezidenti yeni işininin nədən ibarət olacağını da söyləyib:

"Komitədə əsas fəaliyyətim ümumilikdə qadın futbolunun inkişafına yönəlmiş strateji məsələlərdə iştirak etməkdən ibarət olacaq. Bildiyiniz kimi, 2024-cü ildə FIFA Nizamnaməsinə edilən dəyişikliklərə əsasən, daimi komitələrin sayında və tərkibində yeniliklər aparılıb və bu dəyişikliklər qadın futbolunun inkişafına xüsusi diqqətin göstərildiyini təsdiqləyir. Qadın Futbolunun İnkişafı Komitəsinin əsas məqsədi – FIFA-nın Qadın Futbolu Strategiyasının həyata keçirilməsinə dair tövsiyələr vermək, inkişaf proqramlarının hazırlanması və icrasında iştirak etmək, qadınların futbolda bütün səviyyələrdə iştirakını təşviq etmək və qadın futbolunun gələcək istiqamətlərinə dair təhlillər aparmaqdır.

Komitə müxtəlif konfederasiyaları təmsil edən üzvlərdən ibarətdir və biz hər birimiz öz təcrübəmiz, biliklərimiz və baxışlarımızla bu istiqamətdə müsbət töhfə verməyə çalışacağıq. Mən də ümid edirəm ki, bu platformada qadın futbolunun daha geniş inkişafına dəstək göstərmək üçün faydalı ola biləcəyəm".

Qurum rəsmisi fəaliyyət planı ilə bağlı da danışıb:

"Təyinat çox yeni olduğu üçün hələlik komitənin ilk iclası keçirilməyib. Bu səbəbdən konkret fəaliyyət planı və prioritet istiqamətlər barədə danışmaq bir qədər tez olardı. İlk iclas zamanı bizə komitənin iş prinsipi, prioritetləri və qarşıdakı dövr üçün əsas hədəflər barədə daha ətraflı məlumat veriləcək. Təbii ki, ilkin mərhələdə məqsədim qurumun fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq, beynəlxalq təcrübəni öyrənməkdir. Gələcəkdə bu təcrübə mübadiləsindən faydalanaraq, həm yerli, həm də beynəlxalq səviyyədə qadın futbolunun inkişafına töhfə verməyi ümid edirəm".

Qeyd edək ki, AFFA prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub. AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva isə Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.

Son xəbərlər

Bütün Xəbər Lenti