ACF zədəli cüdoçuların yarışlara qayıdış tarixini açıqlayıb
- 01 aprel, 2026
- 11:40
Azərbaycan millisinin zədəli cüdoçularının durumuna aydınlıq gəlib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib.
Yığmanın üzvü Elcan Hacıyevin (90 kq) hazırda bərpa prosesi keçdiyi vurğulanıb:
"Məşqlərə iyunda start verəcək. Hər şey qaydasında getsə, avqustda ilk yarışına çıxması planlaşdırılır. Onunla eyni çəkidə çıxış edən Vüqar Talıbovun vəziyyəti də eynidir. O da əməliyyatdan sonra bərpa prosesi keçir".
ACF Avstriyanın Linz şəhərində keçirilmiş Qran-prinin final görüşündə zədələnən Vüsal Qələndərzadənin (81 kq) də durumuna aydınlıq gətirib:
"O, bu həftə əməliyyat olunacaq. Vüsal Qələndərzadə də üç aydan sonra məşqlərə qayıdacaq".
Xatırladaq ki, Vüqar Talıbovla Elcan Hacıyev bu il hələlik heç bir turnirdə iştirak etməyiblər. Vüsal Qələndərzadə Avstriyadakı Qran-pridə gümüş medal qazanıb.