ACF-nin icraçı vitse-prezidenti: "Hidayət və digər cüdoçular hələ optimal formada deyil" - MÜSAHİBƏ
- 20 oktyabr, 2025
- 13:54

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu "Report"un suallarını cavablandırıb. ACF rəsmisi milli komandanın üzvlərinin Perunun paytaxtı Limada və Meksikanın Qvadalaxara şəhərində təşkil olunmuş Qran-pri turnirlərindəki çıxışlarını dəyərləndirib. O, oktyabrın 18-də keçirilmiş ACF-nin növbədənkənar konfransı barədə də danışıb.
- Cüdoçular Peru və Meksikadakı Qran-pri turnirlərində mübarizə apardılar. İdmançıların bu yarışlardakı çıxışlarını necə dəyərləndirirsiniz?
- İlk növbədə Qran-pridə iştirakımızın məqsədini açıqlamaq istəyirəm. Komandanın sonuncu belə yarışı dünya çempionatı idi. O da iyunda baş tutub. Həmin vaxtdan sonra millimiz yarışlarda iştirak etməmişdilər. Beynəlxalq Cüdo Federasiyası Qran-priləri iyulda təqvimə daxil etdi. Daha əvvəlki qərara görə isə oktyabrda Əbu-Dabidə "Böyük Dəbilqə" keçirilməli idi. O isə noyabrın sonunda olacaq. İlk planımız "Böyük Dəbilqə"də iştirak etmək və ardınca İslam Həmrəyliyi Oyunlarına yollanmaq idi. Çünki komanda çox təcrübəsiz qalanda birdən-birə İslamiadaya gedəndə problemlə üzləşə bilər. Məsələn, Rusiyanın aparıcı komandası ötən həftə İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa Kubokunda çıxış etdi. Halbuki bu turnir reytinq vermir. Amma cüdoçulara yarış təcrübəsi lazımdır. İlk məqsəd komandanın İslamiadadan əvvəl hazırlıq vəziyyətinin yoxlanılması idi. İkinci və ən əsas məqsəd isə növbəti Yay Olimpiya Oyunları ilə bağlıdır. Bilirsiniz ki, növbəti olimpiada ABŞ-də baş tutacaq. Başa düşmək istəyirdik ki, idmançıların uyğunlaşması necə gedir? Bunu yoxlamaq niyyətində idik. Nəyi necə etməli olduğumuzu görmək istəyirdik. Problemləri indidən görmək daha yaxşıdır.
- Hansısa problem gördünüz?
- Bunu məşqçilər təhlil edirlər. Məsələn, sentyabrda Braziliyada təlim-məşq toplanışına qatıldıq. Hazırlıq prosesini planlaşdıranda bu yarışlar yox idi. Təqvim planını apreldə qurmuşduq. Təlim-məşq toplanışından qayıdandan sonra "Böyük Dəbilqə"də iştirak etməli idik. Amma elə alındı ki, Braziliyadan qayıtdıq və iki həftə sonra Peruya yollandıq. Qran-prinin vaxtını əvvəlcədən bilsəydik, təlim-məşq toplanışını elə qurardıq ki, Braziliyadan birbaşa Peruya yollanardıq. Amma təəssüf ki, bunu edə bilmədik. Orada otellər əvvəlcədən tutulmuşdu və vaxtları dəyişə bilmədik. Ona görə komanda Braziliyadan qayıtdı, sonra isə Peruya yollandı.

- Cüdoçular Limada 2 gümüş, 5 bürünc, Qvadalaxarada isə 6 qızıl, 3 bürünc mükafat qazandılar. İdmançıların Peruya yorğun getdiyini deyə bilərik?
- Bəli. Bu, bir az cüdoçuları yordu. Komanda tam "oturuşa" bilmədi. Həmin yarışda qızıl medal olmasa da, mükafatsız qalmadıq. Meksikada isə bir çox güclü idmançılar iştirak etmirdi. Amma yarışın səviyyəsi o qədər də aşağı deyildi. Adından göründüyü kimi, Qran-pri turniri idi. Buna baxmayaraq, Braziliya bütün aparıcı cüdoçuları ilə qatılmışdı. 73 kq-da Daniel Karqnin dünya çempionatının gümüş mükafatçısıdır. Ağır çəkidə çexiyalı Lukaş Krpalek mübarizə aparırdı. Ruslar Avropa Kubokunda çıxış etdilər, orada demək olar ki, güclü idmançılardan heç kim yox idi. Çox aşağı səviyyəli yarış idi. Meksikada 6 qızıl medal qazansaq da, komanda tam optimal formada deyil. Qızıl medal qazanan idmançılarda da bu görünür. İslamiadaya hazırlıq üçün düzəltməli olduğumuz məsələlər var. Bizim üçün bu iki yarış 2028-ci ildəki olimpiadaya hazırlığın tərkib hissəsidir. Tarixi nəticə qazanmışıq. Heç vaxt bu qədər qızıl medal əldə etməmişik. 90 kq-da Murad da qızıl əldə etsəydi, rekord olardı. Heç bir ölkədə belə nailiyyət olmayıb. Bundan da zəif Qran-prilərdə belə nəticə qeydə alınmayıb.
- Ən ağır çəkidə Uşanqi Kokauri (+100 kq) ötən gün qızıl medal qazandı. Onun finalda ikiqat olimpiya çempionu, çexiyalı Lukaş Krpaleki məğlub etməsi ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Uşanqi Kokauri Krpalekə dünya çempionatında da qalib gəlib. O, bu il yaxşı güləşir. Həm Avropa, həm də dünya çempionatında medalın bir addımlığında idi və beşinci yeri tutdu. Dünya çempionatında güclü rəqiblərə qalib gəlmişdi. Üçüncü yer uğrunda görüşün isə sonlarında yenilmişdi. Dünənki çıxışı da kifayət qədər yaxşı idi. Uşanqinin 33 yaşı var. Hesab edirəm ki, o, bu olimpiya tskilındə də güləşəcək. Artıq onun ölkə daxilində Kənan Nəsibov və Ramazan Əhmədov kimi rəqibləri də var. Mən hələlik İslamiadanın heyətini bilmirəm. Məşqçilərlə bunu müzakirə etməmişik. Qarşıdakı həftədə açıqlayacağıq. Uşanqi başa düşür ki, karyerasının sonlarıdır və nəticə verməlidir. Məşqlərdə də səylə çalışdığını görürük.

- Olimpiya çempionlarımız Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) də Meksikada qızıl medala sahib çıxdılar. Onların çıxışını necə qiymətləndirirsiniz?
- Zelim dünya çempionatından sonra əməliyyat olunmuşdu. Nədən əməliyyat olunduğunu deyə bilməyəcəyəm. Amma sağlamlığı ilə bağlı ciddi əməliyyat keçirib. Onun bundan sonra belə tez məşqlərə qayıtmasını və bu cür güləşməyini gözləmirdik. Əslində, Limada yarımfinalda uduzandan sonra ruhdan düşdü və üçüncü yer uğrunda görüşdə həvəssiz idi. Uduzduğu görüşlərdə öndə idi. Görünən odur ki, fiziki hazırlığı əməliyyatdan sonra istənilən səviyyədə deyil. Bu da normaldır. İl ərzində fiziki hazırlığı yüksək səviyyədə saxlamaq mümkün deyil. Amma özünü toparladı və yarımfinalda kanadalı Kayl Reyesə qalib gəldi. Həmin idmançı 2022-ci ildə dünya çempionatının bu raundunda Zelimə qalib gəlmişdi. Finalda isə italiyalı Cennaro Pirellidən üstün oldu və Meksikadakı Qran-pridə qızıl medala sahib çıxdı. O da zəif idmançı deyil. Tokiodakı "Böyük Dəbilqə"nin qalibi olub. Zelimin də optimal formada olmadığı görünürdü. Buna baxmayaraq, qalib gəldi.
- Hidayət Heydərovun isə olimpiadadan sonra ilk medalı qızıl oldu. Onun əvvəlki yarışda ilk görüşdə uduzmağının səbəbini nədə görürsünüz?
- Onun məsələsi fiziki və ya texniki hazırlığında deyil. O, Perudakı yarışda psixoloji olaraq tam hazır deyildi. Limada məğlub olduğu Fransa təmsilçisinin güləş üslubu Hidayətə "tərs"dir. Bəzən hansısa rəqibin güləş üslubu, texnikası güclü cüdoçulara uyğun olmur. Hidayətin Limadakı turnirdə uduzduğu idmançının uşaq olduğunu deyənlər də var. O, gənclər kateqoriyasında nəticələr qazanıb. Necə cüdoçu olduğunu bilirik. Gələcəkdə bu ölkənin lider idmançılarından olacaq potensiala malikdir. Amma bu o demək deyil ki, Hidayət ona uduzmalı idi. Ən əsası odur ki, Limadkı turnirdən sonra onunla ciddi müzakirələr oldu. Baş məşqçi Riçard Trautman və vitse-prezident Elnur Məmmədli onunla danışdı. Ciddi söhbətlər aparıldı. Özü də başa düşdü ki, məğlub olmasına səbəb görüşə köklənməməsi ilə bağlı idi. Hidayət məşqləri ciddi şəkildə davam etdirir. Onun fiziki və texniki hazırlığında problem yoxdur. Yarışda da onu göstərdi. Hidayət və digər cüdoçularımız hələ optimal formada deyillər. Bunu bilirik. İslamiadaya kimi üç həftə vaxtımız var. İdmançıların hazırlığını yaxşılaşdırmağa çalışacağıq.
- Oktyabrın 18-də Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirildi. Həmin toplantıda nələr müzakirə edildi və qurum olaraq növbəti hədəfləriniz nədir?
- İcraiyyə Komitəsinə qarşıdakı dörd il üçün etimad göstərildiyi üçün təşəkkür edirik. Eyni komanda daha dörd il ölkədə cüdonun inkişafı ilə məşğul olacaq. Hədəflərimiz bəllidir. 2024-2028-ci illər üzrə strategiyanı təqdim etmişdik. Hədəflərimiz dəyişməyib. Ölkədə cüdonun kütləviləşdirilməsi, istedadlı uşaqların tapılması, inkişaf etdirilməsi və müvafiq komandalara keçidlərinin təşkili, elit idmanda nəticələrin sabitləşdirilməsidir. Azərbaycan Cüdo Federasiyası olaraq yeniyetmə və gənclərdə bizə medallardan vacib olan şeylər var. Bunlar idmançılarımızın zədəsiz, sağlam inkişafı, onların cüdoçu kimi texniki-taktiki bacarıqlarını düzgün formada istifadə etmələridir. Yeniyetmələrdə nəticə üçün idmançını məcbur etmirik ki, çəkini salmalıdır. Fikizi hazırlığı lazım olandan çox etmirik. Bunun qarşısını alırıq. Belə olan halda nəticələr zəif ola bilər. Amma bu, bizi qorxutmur. Onlar böyüklərə daha sağlam və hərtərəfli inkişaf etmiş cüdoçu kimi qoşulacaqlar. Yeniyetmə və gənclərin yarışlarına uduzmaq üçün getməyəcəyik. Ancaq medal qazanmaq üçün qeyri-peşəkarlığa yol verməyəcəyik.