ACF İcraiyyə Komitəsinin üzvü: "Azərbaycan çempionatı çox yaxşı təşkil olunmuşdu"
- 08 dekabr, 2025
- 10:43
Cüdo üzrə böyüklər arasında Azərbaycan çempionatı çox yaxşı təşkil olunmuşdu.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mövlud Mirəliyev açıqlama verib.
O, həftəsonu baş tutan turnirlə bağlı fikirlərini bölüşüb:
"Yarış çox yaxşı təşkil olunmuşdu. Azərbaycan çempionatı hər dəfə ilin sonlarında gerçəkləşir. Bu turnirdə yığma üçün cüdoçular seçilir. Həmin idmançılar bir il ərzində beynəlxalq yarışlarda ölkəni təmsil etmək hüququ qazanırlar. Bu yarışda möhtəşəm mübarizəyə şahidlik etdik. Mükafatçıları təbrik edirəm. Onlara gələcək karyeralarında uğurlar arzulayıram".
Veteran cüdoçu ilk dəfə 1996-cı ildə Azərbaycan çempionatında iştirak etdiyini söyləyib:
"Sambodan cüdoya keçid etmişəm. Həmin yarış mənim üçün həyəcanlı idi. Orada ölkə çempionatının qalibi adını qazanmışam və yığmaya düşmüşəm".
O, 2026-cı ildə Bakının cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcəyini də xatırladıb:
"Bu, bizim üçün vacib turnirdir. Olimpiada üçün lisenziya xalları veriləcək. İdmançılarımıza da uğurlar arzulayıram. Əminəm ki, dünya çempionatı da yüksək səviyyədə keçiriləcək".