Azərbaycan Boks Federasiyasının rəsmisi: "Komandamız dünya çempionatına tam hazırdır"
- 03 dekabr, 2025
- 11:24
Azərbaycanın boks millisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatına tam hazırdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının prezidentinin müşaviri Samir Hüseynov qurumun mətbuat xidmətinə açıqlama verib.
Onun sözlərinə görə, fiziki və taktiki hazırlıqlar yüksək səviyyədə keçirilib:
"Komandamız turnirə tam hazırdır. Bu dünya çempionatında kifayət qədər ciddi rəqiblər olacaq. 120 ölkə iştirakını təsdiqləyib. Yarışın mükafat fondu yüksəkdir. Bu səbəbdən gərgin və ciddi döyüşlər gözləmək olar. Gənc boksçularımız ilk dəfə dünya çempionatına qatılacaqlar. Bəzilərinin 19 və 20 yaşı var. Əsas məqsədimiz bu turnirdə təcrübə toplayaraq özlərinə olan inamı artırmalarıdır. Əminik ki, onlardan da ciddi nəticələr gözləmək olar".
Qeyd edək ki, dekabrın 3-dən 13-nə qədər keçiriləcək dünya çempionatında Azərbaycan 11 boksçu ilə təmsil olunacaq.