Türkiyə Azərbaycanla hidrogenlə işləyən hava vasitəsi hazırlayacaq
- 05 sentyabr, 2025
- 14:48

Türkiyə və Azərbaycan hidrogenlə işləyən hava vasitəsi hazırlamağı planlaşdırır.
Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyənin 9 Eylül Universitetinin Mühəndislik Fakültəsinin dekanının müavini, professor Can Özgür Çolpan bildirib.
Onun sözlərinə görə, Azərbaycan Elm Fondunun (AEF) təşəbbüsü ilə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) ikitərəfli əməkdaşlığı çərçivəsində ölkəmizdə hidrogenlə işləyən hava vasitəsinin yaradılması üçün birgə layihəyə hazırlıq işləri aparılır: "Bu təşəbbüslə biz hidrogenin aviasiya sektorunda tətbiqini nümayiş etdirəcək, ekoloji cəhətdən təmiz, innovativ prototip hazırlamağı hədəfləyirik".
"Yaşl enerji" siyasətində Azərbaycanın da uğurlu addımlarının olduğunu təqdir edən professor deyib ki, hidrogen enerjisi ekoloji cəhətdən təmiz quruluşu, yüksək enerji sıxlığı və saxlama qabiliyyəti sayəsində gələcək enerji sistemlərində mühüm rol oynayır: "Qlobal enerji tələbatının artması, qalıq yanacaq ehtiyatlarının tükənməsi və iqlim dəyişikliyi ilə mübarizə ehtiyacı hidrogenin təmiz enerji daşıyıcısı kimi nüfuzunu artırır. Buna görə də, "yaşıl hidrogen" istehsalı və saxlanması, yanacaq hüceyrələri və nəqliyyat tətbiqləri kimi sahələrdə bu istiqamətdə geniş araşdırmalar aparırıq".