Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 5 %-dən çox azalıb
- 24 sentyabr, 2025
- 12:47

Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 139,450 milyon barel neft nəql edilib.
Bu barədə "Report" Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 8,083 milyon barel və ya 5,48 % azdır.
Təkcə bu ilin avqust ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 16,694 milyon barel neft nəql edilib. Bu da ötən ilin avqust ayı ilə müqayisədə 155 min barel və ya 0,92 % azdır.
Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.