Türkiyə Azərbaycan qazının alıcıları arasında lider olub
- 15 avqust, 2024
- 13:51
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 4 milyard 964 milyon 935,74 min kubmetr qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan qazının dəyəri 1 milyard 550 milyon 931,61 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 25 % artıb, dəyər ifadəsində isə 0,4 % azalıb.
Bütövlükdə, bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 milyard 068 milyon 547,13 min ABŞ dolları (azalma 1,97 dəfə) dəyərində 11 milyard 825 milyon 660,72 min kubmetr qaz (artım 7,9 %) ixrac edib. Hesabat dövründə Azərbaycan 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana təbii qaz ixrac edib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə ilk üçlüyə Türkiyə, İtaliya və Bolqarıstan daxil olub. Yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən qazın 42 %-i birinci pillədə qərarlaşan Türkiyənin payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min ABŞ dolları (artım 66,7 %) dəyərində 10 milyard 854 milyon 265 min kubmetr (2022-ci illə müqayisədə artım 58,4 %) qaz ixrac edib.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.