TRIPP-nin həyata keçirilməsi fonunda Transxəzər qaz kəmərinin inşası yeni impuls qazanacaq

Energetika
  • 08 sentyabr, 2025
  • 05:17
TRIPP-nin həyata keçirilməsi fonunda Transxəzər qaz kəmərinin inşası yeni impuls qazanacaq

Transxəzər qaz kəmərinin inşası ABŞ-nin xarici siyasət gündəminə, o cümlədən Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən "Tramp Marşrutu" (TRIPP) adlı təşəbbüsə mükəmməl şəkildə uyğun gəlir.

"Report"un xəbərinə görə, bu fikri Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi "Arab News" nəşrində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, bu layihə 1990-cı illərdə ABŞ Prezidenti Bill Klintonun dəstəyi ilə reallaşan regional enerji layihələri ilə – xüsusilə Bakı–Tbilisi–Ceyhan kəməri ilə tarixi paralellər təşkil edir. Həmin dövrdə həyata keçirilən layihələr təkcə Xəzər regionunun enerji resurslarına qlobal bazarların çıxışını təmin etmədi, həm də Qərblə əlaqələrin dərinləşməsi yolu ilə siyasi və iqtisadi sabitliyə töhfə verdi.

Koffinin fikrincə, ABŞ Prezidenti Donald Tramp da bu strategiyanı davam etdirə bilərdi: Avropanın Rusiyadan enerji asılılığını azaltmaq, sanksiyalar səbəbindən Rusiya bazarından uzaqlaşdırılmış Amerika enerji şirkətləri üçün yeni bazarlar açmaq və Qərblə inteqrasiyaya can atan regional tərəfdaşlarla əlaqələri gücləndirmək məqsədilə.

Məqalədə qeyd olunur ki, Transxəzər qaz kəməri layihəsi mübahisəli mövzudur. Çünki bu layihə beynəlxalq istehlakçılara Rusiya və İranın enerji bazarları və tranzit marşrutlarını kənardan dolanmağa imkan verəcək və bununla da hər iki ölkənin strateji mövqeyini zəiflədəcək. Uzun illərdir ki, Moskva və Tehran bu layihəni ətraf mühitə təhlükə və ya Xəzər dənizinin qeyri-müəyyən hüquqi statusunu əsas gətirərək diplomatik və siyasi yolla əngəlləməyə çalışıblar. Lakin müşahidəçilərin fikrincə, onların əsl narahatlığı bazar payının və siyasi nüfuzun itirilməsi ilə bağlıdır.

Bununla belə, müəllif qeyd edir ki, hazırkı geosiyasi şərait layihənin reallaşması üçün əlverişlidir. Rusiya hazırda Ukraynadakı hərbi əməliyyatlara fokuslandığından layihənin əleyhinə çıxmaq üçün əvvəlki qədər fəallıq nümayiş etdirmir. İran isə daxili çətinliklər və artan beynəlxalq təcrid ilə üz-üzədir.

Lyuk Koffi vurğulayıb ki, 1990-cı illərdən bəri Transxəzər qaz kəmərinin həyata keçirilməsi üçün belə əlverişli fürsət olmamışdı. Əgər bu kəmər inşa olunarsa, bu bütün region üçün dönüş nöqtəsi olacaq: Avropanın enerji təhlükəsizliyi təmin ediləcək, Türkmənistan üçün əlavə gəlir mənbəyi açılacaq və Avrasiya məkanında geosiyasi sabitlik güclənəcək.

Analitikə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtondakı uğurlu səfərindən sonra Türkmənistana etdiyi səfər təsadüf deyil. Əksinə, bu səfər Transxəzər qaz kəməri təşəbbüsünün irəlilədilməsi məqsədi daşıyır. Digər tərəfdən, Türkmənistan da yeni reallıqlar fonunda enerji ixracını diversifikasiya etməklə qazana bilər. Avropa isə bu kontekstdə son dərəcə vacib və yeni bazar təklif edir. Qlobal enerji axınlarına qoşulmaq ölkənin geosiyasi mövqeyində strateji dəyişiklik ola bilər.